İtaliyanın Azərbaycandakı Səfirliyi, İCE-İtaliya Ticarət Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin birgə əməkdaşlığı ilə dünyada İtalyan Mətbəxi Həftəsinin VI buraxılışı münasibətilə qida davamlılığı mövzusuna həsr olunmuş aşpazlıq şousu təşkil olunacaq.
Hafta.az-ın yazdığına görə, dünya italyan mətbəxinin 2021-ci il, VI buraxılışında “İtalyan mətbəxinin ənənələri və perspektivləri: qida davamlılığının maarifləndirilməsi və gücləndirilməsi” adlı mövzu ətrafında Mişelin ulduzlu aşpaz Heinz Beck çıxış edəcək.
Dünya şöhrətli, 3 Mişelin ulduzlu aşpaz Azərbaycan Milli Kulinariya Mərkəzi ilə birgə əməkdaşlıq əsasında qida davamlılığı, milli və ənənəvi italyan, Azərbaycan yeməklərinin hazırlanması mövzusuna dair görüş-müzakirə, eləcə də masterklasda iştirak edəcək.
Tədbir peşəkar ictimaiyyət, yerli media və bu sahədə ixtisaslaşmış tələbələrə həsr olunur. Eyni zamanda Bakı şəhərində yerləşən “Zafferano”, “Scalini”, “Trattoria L’oliva - Bollicine”,
“La Dolce Vita” kimi italyan restoranları, bu həftə ilə əlaqədar olaraq bir sıra tədbirlər keçirəcək və həftəyə uyğun xüsusi menyu tərtib edəcək.
Aşpazlar tərəfindən hazırlanacaq yeməklərin təqdimatı və dequstasiyasından ibarət tədbir media üçün 3 dekabr saat 15:00-dan 18:00-dək “Four Seasons” otelində baş tutacaq.